Müasir təhsil proqramında təlim üsulları

29
views

12188778_1497051347262219_1785505025_n

Təhsilimiz günbəgün dəyişir, inkişaf edir, yeniliklərlə zənginləşir. Əvvəllər tədris prosesində biliklərin şagirdlərə hazır şəkildə mənimsədilməsi tələb olunurdusa, indi şagirdlərin özünün tədris olunan mövzu ətrafında müstəqil fikir yürüdə bilməsinə, bir-birinin biliyinə qiymət verməsinə, kimin nəyə qadir olduğunu aşkar etməsinə, problem yaratmaq, tədqiq etmək, qurmaq, yaratmaq bacarığına daha çox diqqət yetirilir.

Təcrübələrimizə əsaslanaraq söyləyə bilərik ki, eyni metodlardan istifadə dərsi maraqsız edir, şagirdin fənnə marağını azaldır. Bu baxımdan tədris prosesində fərqli təlim metodlarından istifadə zərurəti yaranır. Kurikulumlarda təlim forması və üsullarına təlim strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılır. Onların mahiyyəti və əsas xüsusiyyətləri yeni tələblər əsasında şərh edilir.

Fəal təlim- şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutulur. Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər. Fəal dərs ənənəvidən onunla fərqlənir ki, uşaqlar özləri biliyi əldə edir, onlar fəaldır, təlim prosesinə cəlb olunurlar, müəllim bələdçi rolunu oynayır, amma sinfə hakim olmur, sinifdəki iqlim uşaqların sərbəstləşməsinə səbəb olur, uşaqlar öz fikirlərini söyləməyə qorxmurlar. Baxmayaraq ki, o ənənəvi dərsdən fərqlənir, fəal (interaktiv) dərsin dəqiq strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə imkan verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir.

Fəal təlimin əsas üstünlüyü – real idrak motivasiyasının yaranmasıdır. Bilgilər “hazır” şəkildə deyil, onların müstəqil surətdə kəşfi prosesində mənimsənilir, yəni mənimsəmə prosesi passiv deyil, fəal xarakter daşıyır. Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni bilikləri kəşf edirsə, onda o, dərsə yaradıcı və maraqla yanaşır, əldə etdiyi bilikləri uzun müddətə və möhkəm mənimsəyir. Fəal təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təffəkkür xüsusiyyətlərinin və yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Təlimin səmərəliliyi xeyli artır. Dünya təcrübəsi göstərir ki, fəal təlim metodu müəllim üçün dərsin keyfiyyətini artırmaq üçün vacib bir vasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal təlim həm təlimin məzmunun öyrənilməsini, həm də bu məzmunun tətbiqini daha səmərəli edir, şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır. Şagirdlərin öyrənməyə həvəsi və nailiyyətləri artdıqca, müəllimin də fəaliyyəti yüngülləşir.

Təlimin səmərə və keyfiyyəti metodların düzgün seçilib tətbiq edilməsi ilə sıx bağlıdır. Qeyri-səmərəli metodlarla yüksək təlim-tərbiyə nəticələrinə nail olmaq mümkün deyildir. Təlim metodları qarşıda duran didaktik məqsədə nail olmaq üçün istifadə olunan yollara deyilir. Təlim metodu bütöv təlim prosesinin ünsürlərindən biri olub, digər ünsürlərlə vəhdətdə çıxış edir. O, təlimin məqsəd və məzmununa xidmət göstərir: məqsəd və məzmun dəyişdikdə metod da dəyişir. Təlimin başlıca məqsədi şagirdlərin şüurunda dünyanın düzgün, dolğun mənzərəsini yaratmaqdan, onların intellektual inkişafını və tərbiyəsini təmin etməkdən ibarətdir. Dünyanın şüurda əks etdirilməsi isə özünə məxsus formalarda – təsəvvürlər, anlayışlar və qanunlar formasında həyata keçirilir. Təlim metodları məhz bu məqsədə xidmət etməlidir. Təlimdə bu məqsədlə yanaşı, bacarıq və vərdişlər yaratmaq, habelə nəzarət məqsədi də həyata keçirilir.

Artıq işini yeni təlim üsulları üzərində quran, fəal təlimi daimi iş üslubuna çevirən, bu sahədə dərsliklər yazan, metodiki vəsaitlər nəşr edən bir çox müəllim və metodistlər vardır. Onları pedoqoji ictimaiyyət arasında təbliğ etmək, mükafatlandırmaq, onların işini yaymaq lazımdır. Belələrinə daha çox diqqət yetirmək, KİV-də və televiziya verilişlərində onlara yer ayırmaq lazımdır. Onlar öz işlərini bacardıqca daha çox təbliğ etsinlər.

 

 

Nicat İsmayılov 

Bərdə şəhər N. Nərimanov adına 3 saylı  tam orta məktəbin tarix müəllimi.

PAY